06 oktyabr 2022-ci il tarixdə Astara rayon Gənclər Evində Astara Rayon İcra Hakimiyyəti və Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Astara RGİİ, “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyi , APK Tələbə Gənclər Təşkilatı və “Astara” intellektual Inkişaf Klubunun birgə təşkilatçılğı ilə “Şuşa ili”nə həsr olunmuş 14-29 yaşlı gənclər arasında “Bilici” İntellektual Oyunu üzrə Astara rayon turniri keçirilmişdir. Tədibirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov bilik oyununun məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili “ elan edilnməsi haqqında sərəncamının, 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasını təmin etmək, Vətən müharibəsində Şuşa şəhərinin azad olunmasının 2-ci ildönümünün qeyd olunması, yeniyetmə və gənclərinin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Vətən müharibəsi, I Qarabağ , Aprel döyüşləri, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər. Sonra tədbirin aparıcısı, “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyinin sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və bilik yarışına start verilmişdir. Yarışda “Xəmsə” (Astara Pedaqoji Kolleci), “Cumhuriyyət” (Astara şəhər 1 saylı tam orta məktəb), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), “Zəfər” (Astara şəhər 3 saylı tam orta məktəb), “Uğur” (Astara şəhər 5 saylı tam orta məktəb), “Şuşa” (Artupa kənd tam orta məktəb), “Xarı bülbül” (Suparıbağ kənd tam orta məktəb) olmaqla ümumilikdə 7 komanda mübarizə aparmışdır. Maraqlı mübarizə şəraitində keçən yarışda I yerə “Zəfər” (Astara şəhər 3 saylı tam orta məktəb), “II yerə “Xəmsə” (Astara Pedaqoji Kolleci), III yerə “Uğur” (Astara şəhər 5 saylı tam orta məktəb) komandaları layiq görülmüşlər. Fəxri yerləri qazanan komandalara diplom və hədiyyələr təqdim edilmişdir.